AZƏRBAYCANIN ƏDLİYYƏ NAZİRİ AVSTRİYADA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı F.Məmmədov Avstriyanın ədliyyə naziri D.Bömdorfer, Ali Məhkəmənin sədri Yohan Reşut, baş prokuror Valter Preslauer, Avstriya Parlamenti hüquq məsələləri üzrə komissiyanın sədri Mariya Tereziya Fekter, Konstitusiya Məhkəməsinin sədr müavini Briqit Birlayn, Daxili İşlər Nazirliyi polis orqanlarının rəhbəri Erik Buksbaum ilə görüşlər keçirmişdir.
Görüşlər zamanı F.Məmmədov Azərbaycanda hüquq sahəsində keçirilən islahatlar, respublikamızın hüquq mühafizə orqanlarının fəaliyyəti haqqında həmsöhbətlərə məlumat vermişdir. Azərbaycan nümayəndəsi Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ölkəmiz üçün ağır nəticələri haqda ətraflı danışmışdır. Keçirilmiş görüşlərdə tərəflər Azərbaycan ilə Avstriya arasında münasibətlərin, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın indiki vəziyyətini müsbət qiymətləndirmiş və bu əlaqələrin gələcək inkişafının istiqamətlərini müzakirə etmişlər. Səfər zamanı iki ölkənin ədliyyə nazirlikləri arasında 2003-cü ildə təsdiqlənmiş anlaşma memorandumunun davamı olaraq, Azərbaycan ilə Avstriyanın ədliyyə orqanlarının əlaqələrini genişləndirmək məqsədi ilə Əməkdaşlıq Proqramı imzalanmışdır.
Səfər zamanı nazir F.Məmmədov BMT-nin Baş katibinin müavini, bu qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Antonio Kosta ilə görüşmüşdür. Tərəflər beynəlxalq cinayətkarlığa qarşı qlobal mübarizədə Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə etmiş, A.Kostanın 2003-cü ildə respublikamıza səfəri zamanı Azərbaycan Prezidenti, eləcə də digər rəsmi şəxslərlə keçirdiyi danışıqları yüksək qiymətləndirmiş, qaldırılmış məsələlərin həyata keçirilməsi yollarını müəyyənləşdirmişlər.
Vyananın Yozefsştadt rayonundakı həbsxanasını ziyarət edən və onun fəaliyyəti ilə tanış olan F. Məmmədov səfərin sonunda Avstriya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirmiş, onları maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırmışdır.
Keçirilmiş görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Vaqif Saqıdov iştirak etmişdir.