Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib VİDEO
İrpen, 13 fevral, AZƏRTAC
Azərbaycan vətəndaşları və şirkətləri tərəfindən Ukraynada enerji infrastrukturunun bərpası üçün göndərilən enerji avadanlıqları İrpen şəhərinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, enerji avadanlıqlarının təhvilvermə mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev iştirak ediblər. Tədbirdə bildirilib ki, bu dəfə Azərbaycan tərəfindən 17 müxtəlif enerji generatoru, 4 portativ enerji sistemi və 3 istilik qurğusu göndərilib. Qeyd edilib ki, bu yardım Ukrayna üçün çətin dövrdə əsl həmrəyliyin və qardaşlıq yardımının daha bir parlaq nümunəsidir. Bu enerji avadanlıqları əsasən Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istifadəsinə veriləcək.
Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik AZƏRTAC-a açıqlamasında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından bəri göstərdiyi uzunmüddətli dəstəyə görə, Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.
“Bu dəstəyin bölgəmiz və xüsusilə də işğala böyük əzablarla dözən, lakin indi bərpa olunmağa davam edən İrpen şəhəri üçün əhəmiyyəti böyükdür.
Düşmənin istilik və enerji də daxil olmaqla vacib infrastruktura hücum etməyə davam etdiyi ağır dövrdə Ukrayna xalqının generator dəstəyinə birbaşa ehtiyacı var. Bu generatorlar bölgəmizdə insanların əsas ehtiyaclarını - su, istilik və elektrik enerjisini təmin edir.
Bu çətin dövrlərdə sizinlə olmaq böyük şərəfdir”, - deyə Mikola Kalaşnik əlavə edib.
Xatırladaq ki, Kiyev şəhərində yanvarın əvvəlindən enerji böhranına görə fövqəladə vəziyyət tətbiq edilir. Azərbaycanın Ukraynaya humanitar yardımının ümumi dəyəri isə artıq 45 milyon dollara yaxındır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen