Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib
Tbilisi, 26 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı hazırladığı tədbirlər planı çərçivəsində fevralın 26-da səfirlikdə könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada ilk olaraq Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qan verib.
Sonra səfirliyin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin və hərbi attaşe aparatının digər əməkdaşları qan veriblər.
Aksiyada Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları, soydaşlarımız, Azərbaycanlı İş Adamları Birliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın əməkdaşı da könüllü qan verənlər sırasında olub.
Gün ərzində davam edəcək qanvermə aksiyasında toplanacaq qan Natalia Kvantaliani adına Mərkəzi Qan Bankına təhvil veriləcək və ehtiyacı olan şəxslərə təmənnasız olaraq təqdim olunacaq.
Aksiya çərçivəsində səfirliyin foyesində Xocalı qətliamını əks etdirən fotoşəkillər də sərgilənib.
Diplomatik nümayəndəlikdə Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi