Azərbaycanın humanitar layihələrdə fəal iştirakı yüksək qiymətləndirilib
Paris, 1 noyabr, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Nəticələr Şurasının Parisdə keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının effektivliyinin artırılmasına həsr edilən toplantısında iştirakı çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Seymur Fətəliyev bu təşkilatın İnkişaf üzrə Əməkdaşlıq İdarəsinin direktoru Jorge Moreira da Silva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın OECD/DAC ilə əməkdaşlığının daha da möhkəmləndirilməsi məsələsi müzakirə olunub.
Aparıcı donor ölkələri ilə birlikdə yeni donor ölkəsi olan Azərbaycanın qonaq statusunda təmsil olunduğu bu nüfuzlu təşkilatın görüşlərində iştirakı onun göstərdiyi humanitar və inkişafa yardımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
S.Fətəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yardım alan ölkədən donor ölkəsinə çevrilib.
OECD/DAC tərəfindən ölkəmizin yardım alan ölkədən donor ölkəyə çevrilməsi, humanitar layihələrdə fəal iştirak etməsi yüksək qiymətləndirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris