AZƏRBAYCANIN İKİ İDMANÇISI DÜNYA KUBOKU TURNİRİNİN QIZIL VƏ BÜRÜNC MEDALLARINI QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Azərbaycan cüdoçuları Hamburqda Pekin Yay Olimpiya Oyunlarına lisenziya xalları verən dünya kuboku turnirində bir qızıl və bir bürünc medal qazanmışlar.
Ən yüksək nəticəni Elnur Məmmədli (73 kq) göstərmişdir. Azərbaycan cüdoçusu, ardıcıl olaraq, Batraz Kaytmazov (Rusiya), Konstantin Tipa (Moldova), Kristof Stanql (Avstriya) və Marko Madallonini (İtaliya) üstələyərək finala çıxmışdır. Həlledici görüşdə belçikalı Dik Van Tiçeltlə ippon fəndi ilə möhtəşəm qələbə qazanan E.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Qadınların yarışında is Kifayət Qasımova (57 kq) parlaq çıxışı ilə yadda qalmışdır. İlk görüşdə Rocik Yovana (Serbiya) qalib gələn idmançımız növbəti mərhələdə fransalı Morqan Ribuya uduzmuşdur. Lakin Fransa idmançısının yarımfinala çıxması K.Qasımovaya mübarizəni təsəlliverici görüşlərdə davam etdirməyə imkan yaratmışdır. Bu mərhələdə K.Qasımova Feys Pitman (Böyük Britaniya), Vesna Cukiç (Slovakiya), Hedviq Karakas (Macarıstan) və Debora Qravenstinə qalib gələrək bürünc medala sahib olmuşdur.
Həmin gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Mehman Əzizov (81 kq) Avstriya və Cənubi Afrika Respublikası idmançılarına qalib gəlsə də, səkkizdəbir finalda meydan sahibi Almaniya cüdoçusu Nik Henə uduzmuşdur.
Samir İsmayılov (73 kq) birinci, Elxan Rəcəbli (81 kq) isə ikinci görüşündə məğlubiyyətə uğramışlar. Bundan əlavə, Ramilə Yusubova (63 kq) və Gözəl Zutova (63 kq) da ilk görüşlərdə uduzaraq çıxışlarını başa vurmuşlar.