Azərbaycanın katolik gəncləri Romada səfərdə olublar
Vatikan, 26 iyul, AZƏRTAC
Azərbaycanın katolik gənclərindən ibarət qrup Yubiley zəvvarlığında iştirak etmək üçün Romada səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində Bakı katolik gənclərinin 6 nümayəndəsi Müqəddəs Pyotr, Müqəddəs Paul, Lateran və Santa Maria Macore kimi papa bazilikalarında dua edib, ilk Roma şəhidlərinin həyatı və ölümü ilə bağlı yerləri ziyarət ediblər.
Azərbaycanın gənc katolikləri dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə bacı və qardaşları ilə birlikdə Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun xeyir-duasını alıb, eyni zamanda, Mariya Qoretti ziyarətgahında və Müqəddəs Pyotr meydanında olublar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan