Azərbaycanın Litvadakı səfiri Klaypedada görüşlər keçirib
Vilnüs, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının Litvadakı səfiri Həsən Məmmədzadə Klaypeda şəhərinə səfər edib. Səfər çərçivəsində şəhərin meri Vitautas Qrubliauskasla görüşən H.Məmmədzadə onu bu vəzifəyə ikinci müddətə seçilməsi münasibətilə təbrik edib. Merə Azərbaycan və Litva arasında bir sıra sahələrdə əlaqələrə dair məlumat verən səfir Şaulyay və Şəmkirin qardaşlaşmış şəhərlər olduğunu, Klaypeda şəhəri ilə də bu təcrübənin həyata keçirilməsinin mümkünlüyünü deyib. Xalqların bir-birini tanıması və daha da yaxınlaşmasında mədəniyyətin və incəsənətin mühüm rolu nəzərə alınaraq, bu istiqamətdə işlərin gücləndirilməsi, planlaşdırılan tədbirlər müzakirə olunub.
Azərbaycan Prezidentinin təhsil məsələlərinə xüsusi diqqətin yetirdiyini qeyd edən səfir hazırda Litvanın beş universitetinin Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Proqramına daxil edildiyini və bu ölkənin ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşlıq mövcuddur və Klaypedada yerləşən ali təhsil ocaqları ilə də bu cür əlaqələr yaradıla bilər.
Eyni zamanda, tərəflər Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən Bilik Fondu tərəfindən Klaypedada multikulturalizm mövzusunda mühazirələrin təşkili məsələsini müzakirə ediblər. Səfir bu mühazirələrin Litva xalqlarının Azərbaycanı və azərbaycanlıları daha da yaxşı tanımasına kömək edəcəyini diqqətə çatdırıb.
Sonra Həsən Məmmədzadə Klaypeda Limanının baş direktoru Arvidas Vaytkusla görüşüb. Görüşdə səfir Azərbaycanda dənizçilik sahəsi və yeni beynəlxalq limanın inşası barədə ətraflı məlumat verib. A.Vaytkus rəhbərlik etdiyi limanın potensial və imkanları, yeni layihələr və planlar, infrastruktur barədə danışıb, əməkdaşlığın mümkün istiqamətləri barədə fikirlərini bölüşüb. Danışıqlarda ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı sərmayələrin yatırılması məsələləri müzakirə olunub.
Görüşlərdə Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasında Azərbaycan diasporunun təmsilçisi Əliağa Məmmədov da iştirak edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs