Azərbaycanın Misirdəki səfiri “Əl-Əhram” qəzetinə müsahibə verib
Qahirə, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayevin Misirin nüfuzlu “Əl-Əhram” qəzetində müsahibəsi dərc olunub.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20% torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini və işğal olunmuş ərazilərdə azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qaldıqlarını, dini və tarixi abidələrin dağıdıldığını qeyd edib.
Azərbaycan ilə Misir arasında iqtisadi və ticari əlaqələrin səviyyəsindən danışan səfir son üç il ərzində ölkələrimizin neft-neft məhsulları və dərman preparatları sahəsində ticarət dövriyyəsinin artdığını diqqətə çatdıraraq, bu sahədə böyük potensialın olduğunu vurğulayıb.
Azərbaycanın turizm potensialına toxunan səfir çox sayda azərbaycanlının turizm məqsədilə ölkə xaricinə səfərlər etdiyini bildirib, Azərbaycan ilə Misir arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi və turizm axınının təmin edilməsi məqsədilə birbaşa Bakı-Şarm Əl-Şeyx hava xəttinin açılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Ş.Abdullayev, həmçinin Misirin MDB ölkələri ilə texniki əməkdaşlıq fondunun fəaliyyətinə toxunaraq, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycandan 1400-ə yaxın azərbaycanlı vətəndaşın sözügedən fondun müxtəlif sahələr üzrə təşkil etdiyi kurslarda iştirak etdiyini qeyd edib.
Misir ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlığın vacibliyindən danışan diplomat ölkələrimizin oxşar adət-ənənələrindən söhbət açıb.
Misirin Qalubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu arasında qardaşlaşma əlaqələrinə toxunan səfir sözügedən rayonlarda hər iki ölkənin mədəniyyətini və tarixini əks etdirən parkların olduğunu və məktəblərin fəaliyyət göstərdiyini bildirib, eyni zamanda, bu yaxınlarda Misir ilə Azərbaycanın digər şəhərləri arasında da qardaşlaşma əlaqələrinin elan olunacağını qeyd edib.
Misirin Yaxın Şərqdə və Afrika qitəsində rolundan danışan Ş.Abdullayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Misirlə əlaqələri gücləndirməyə çalışdığını bildirib.
Ş.Abdullayev Azərbaycanın iqtisadiyyatının ötən illər ərzində sürətlə inkişaf etdiyini, investisiya cəlb edən ölkədən sərmayə yatıran ölkəyə çevrildiyini oxucuların diqqətinə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə