Azərbaycanın Rusiyadakı səfirliyi Zelenoqradda azərbaycanlı yeniyetmənin döyülməsi ilə bağlı məlumat yaymışdır
Moskva, 4 noyabr (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti Rusiyanın Zelenoqrad şəhərində əlil azərbaycanlı yeniyetmənin döyülməsi faktı ilə bağlı məlumat yaymışdır.
Məlumatda deyilir: “2013-cü il noyabrın 1-də Zelenoqrad şəhərində 12 nömrəli xətt avtobusunda 14 yaşlı əlil azərbaycanlı oğlan vəhşicəsinə döyülmüşdür.
Avtobusdakı sərnişinlərdən biri münaqişə yaratmış, qeyri-slavyan görünüşünə görə yeniyetmənin ünvanına təhqirlər səsləndirmişdir. Fiziki imkanları məhdud olan oğlan bunun cavabında yalnız özünə bəraət qazandırmışdır. Ağlı başından çıxmış kişi yeniyetməni döymüş, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirmişdir.
Avtobusun sərnişini, mərd və alicənab qadın Aqafonova Tatyana Anatolyevna ətrafdakı insanları, xüsusilə kişiləri azğınlaşmış xuliqanı dayandırmağa çağıran yeganə şəxs olmuşdur. Lakin heç kim onun səsinə səs verməmişdir. Bu cəsur qadın qışqıraraq polisi uşağı müdafiə etməyə çağırdıqdan sonra münaqişəni dayandırmaq mümkün olmuşdur. Xoşbəxtlikdən avtobusun sürücüsü maşını polis idarəsinin yaxınlığında saxlamış, polislər də məsələyə müdaxilə etmişlər.
Hadisədən noyabrın 2-də xəbər tutan səfirlik əməkdaşları zərərçəkmiş həmvətənimizi Morozovski uşaq xəstəxanasında tapmışlar. Yeniyetmə beyin sarsıntısı və gözün travması ilə buraya gətirilmişdir. Onun 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlu olduğu aydınlaşdırılmışdır. Uşaq gözdən əlildir və xüsusi korreksiya məktəbinə gedir. Onunla söhbət aparılmış, baş verənlərin təfərrüatı aydınlaşdırılmışdır. Oğlanın anası, təxminən 10 ildir Zelenoqradda yaşayıb işləyən Kazımova Aygün Yusif qızının dediklərindən məlum olmuşdur ki, aldığı zərbələr nəticəsində onun oğlunun onsuz da pis olan görmə qabiliyyəti daha da pisləşərək 1 faizədək enmişdir. Bu da görmənin tamamilə itirilməsinə bərabərdir.
Azərbaycanın Rusiyadakı səfirinin təşəbbüsü ilə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi təcili şəkildə Rusiya Daxili İşlər Nazirliyindəki həmkarları ilə əlaqə yaratmış və hadisənin səfirliyin xüsusi nəzarətində olması barədə xəbərdar etmişdir.
Noyabrın 3-də səhər Rövşən Kazımov həkimlərin icazəsi və anasının iştirakı ilə Daxili İşlər Nazirliyinin Zelenoqrad şəhəri Matuşkilno və Savelka rayonları üzrə şöbəsinin həddi-buluğa çatmayanlarla işlər üzrə müfəttişinə ilk ifadəsini vermişdir. Fakt üzrə ilkin yoxlama aparılır.
Səfirlik bu işi nəzarətdə saxlayır. Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Rusiya Daxili İşlər Nazirliyindəki həmkarları ilə daim əlaqə saxlayır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva