Azərbaycanın səfiri Küveyt Millət Məclisinin sədri ilə görüşüb
Qahirə, 29 dekabr, AZƏRTAC
Ölkəmizin Küveyt Dövlətindəki səfiri Emil Kərimovun Küveyt Millət Məclisinin sədri Əhməd Əbdüləziz Əl-Səadun ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, dini və mədəni dəyərlərimizin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah arasında 1994-cü ilin dekabrında İslam Əməkdaşlıq Təşkilatının Mərakeşdə keçirilən Sammiti çərçivəsində görüşünün ölkələrimiz arasında dostluq əlaqələrinin bünövrəsini qoyduğunu bildirib, Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin 2009-cu ilin fevralında Küveytə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olduğunu söyləyib.
Səfir E.Kərimov beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini bildirərək, Küveytin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. O, Ermənistanın işğal dövründə ərazilərimizdə törətdiyi vandalizm aktları, 67 məsciddən 65-nin tamamilə dağıdıldığı, işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyi barədə ətraflı məlumat verib və hazırda sürətlə davam edən bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü qeyd edib. Diplomatımız bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatlar davam edir və bu, sülh prosesinə mane olmaq məqsədi daşıyır.
Küveyt Millət Məclisinin sədri ətraflı məlumata görə təşəkkürünü bildirib, ölkələrimiz arasında dini və mənəvi dəyərlərə əsaslanan tarixi dostluq əlaqələrindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Küveyt tərəfindən daim dəstəklənib və bu dəstək gələcəkdə də davam edəcək.
Səfir E.Kərimov iki ölkənin parlamentləri arasında mövcud sıx əlaqələrdən bəhs edib. O, Küveyt Millət Məclisinin sədri təyin edilməsi münasibətilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın təbrik məktubunun əslini Əhməd Əbdüləziz Əl-Səaduna təqdim edib.
Sonra iki ölkənin parlament rəhbərlərinin qarşılıqlı səfərləri, dostluq qrupları arasındakı əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə