Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsini anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları iştirak etmişlər.
Anma mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir V.Sultanzadə 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə Azırbaycanda azadlıq uğrunda küçələrə çıxmış dinc insanlara qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermişdir. Qeyd etmişdir ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən cinayətkarların adlarını açıqlamış, onların cəzalandırılması tələbi ilə çıxış etmişdir.
Səfir xüsusi olaraq qeyd etmişdir ki, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıdışından sonra 1994-cü ildə qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilmişdir.
Bununla yanaşı, V.Sultanzadə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələr barədə bir çox sənədlərin nəşr olunduğunu və hazırda ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin davam etdirildiyini bildirmişdir.
Səfir dövlət protokoluna uyğun olaraq Azərbaycana gələn yüksək səviyyəli xarici nümayəndə heyətlərinin Şəhidlər xiyabanını ziyarət etmələrinin qanlı Yanvar faciəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardan biri olduğunu vurğulamışdır.
Anma mərasiminin iştirakçıları çıxış edərək 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciənin xalqımıza və bütün bəşəriyyətə qarşı cinayət olmasından, bu hadisənin dünya ictimaiyyəti tərəfindən ürək ağrısı ilə qarşılanmasından və doğma Azərbaycanımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağından söhbət açmışlar.
Sonra anma mərasiminin iştirakçıları 20 Yanvar hadisələrini özündə əks etdirən sənədli filmləri izləmişlər.
Səfirlikdə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş faciəni əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılmışdır. Mərasim iştirakçılarına səfirlik tərəfindən 20 Yanvar faciəsi ilə bağlı tərtib olunmuş xüsusi fotoalbom, habelə xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar və səfirliyin mətbuat məlumatı paylanmışdır. Həmin mətbuat məlumatı, eyni zamanda, səfirliyin veb-səhifəsində də yerləşdirilmişdir.