Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirmişdir
Kiyev, 20 yanvar (AZƏRTAC). Bu gün səhər 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycanın Ukraynadakı səfirliyində Dövlət Bayrağı endirilmişdir.
Sonra Kiyevdəki Səməd Vurğun adına kitabxanada diplomatik nümayəndəliyimiz Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş matəm tədbiri keçirmişdir.
Güclü qar yağdığına və yolları buz bağladığına baxmayaraq, kitabxananın zalında təşkil olunmuş matəm tədbirinə xeyli adam toplaşmışdı. Görkəmli Azərbaycan şairinin adını daşıyan bu mədəniyyət ocağında o qanlı gecənin qurbanlarının fotoşəkilləri olan stend, totalitar sovet dövlətinin rəhbərliyini və erməni separatçılarını, işğalçıları və terrorçuları ifşa edən çap məhsulları, Azərbaycan səfirliyinin press-relizləri yerləşdirilmiş, hər yerdə matəm lentli al qərənfillər düzülmüşdü.
Tədbir “Qanlı Yanvara gedən yol” adlı sənədli filmin nümayişi ilə başlanmışdır.
Bir dəqiqəlik sükutdan sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətliyə söz verilmişdir.
Diplomat toplaşanlara Azərbaycanın ən yeni tarixinin qanlı, həm də qəhrəmanlıq səhifələrindən biri haqqında, fədakar qəhrəmanlar - Vətənimizin azadlığı və müstəqilliyi naminə həyatını qurban vermiş Azərbaycan xalqının oğul və qızları haqqında müxtəlif millətlərin və xalqların nümayəndələrinin şəhid olmasından ətraflı söhbət açmışdır.
Səfir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailəsi ilə birlikdə gələrək Mixail Qorbaçovun və onun əlaltılarının cinayətinə birinci obyektiv siyasi-hüquqi qiymət vermiş dahi lider Heydər Əliyevin misilsiz rolunu vurğulamışdır.
Çıxışının sonunda səfir xüsusi qeyd etmişdir ki, Prezident İlham Əliyev, bütün Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Bu gün çiçəklənən, gələcəyə inamla baxan Azərbaycan şəhid olmuş qəhrəmanlarımıza və günahsız qurbanlarımıza ucaldılmış ən gözəl abidədir.
Əslən leninqradlı olan və 30 ildən bəri Zaporojyedə (Ukrayna) yaşayan Rusiyanın əməkdar tökməçisi Anatoli Fedorenko Bakıda şahidi olduğu qanlı terrordan danışmışdır.
Çernobıl iştirakçısı olan Anatoli Pavloviç o yanvar günlərində “Çernobıl-Azərbaycan” təşkilatının sədri Mirhəsən Həsənovun qonağı imiş. Azərbaycan paytaxtının mərkəzində yerləşən “Bakı” mehmanxanasında qaldığına görə o dəhşətli mənzərələri - küçələrdə güllələrdən deşik-deşik olmuş meyitləri öz gözləri ilə görmüşdür. Yanvarın 20-də gündüz isə o özü yaralanmışdır: snayperin reportyora tuşladığı güllə onun ayağına dəymişdir. Yalnız bakılı cərrah Məmmədovun sayəsində Anatoli Fedorenko ayağını itirməmişdir.
81 yaşlı Anatoli Pavloviç deyir: Mən həyatımda çox şey görmüşəm - Leninqrad blokadasını, Çernobıl AES-də baş vermiş qəzanı, amma o zamankı İttifaqın vətəndaşlarına qarşı belə amansızlıq və sadizm heç xəyalıma da gəlməzdi.
Tədbirdə çıxış edən sahibkar Vilayət Quliyev, hacı Əlövsət (Ələkbərov), “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının prezidenti, Azərbaycanın və keçmiş İttifaqın Əməkdar İdman Ustası və məşqçisi Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Konqresi Məclisinin rəhbəri Akif Gülməmmədov, “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadov və başqaları totalitar sovet rejiminə qarşı mübarizədə Azərbaycanın müdafiəsinə qalxmış oğul və qızlarımızın qəhrəmanlığı və misilsiz igidliyi haqqında öz fikirlərini və hisslərini bölüşmüşlər.
Bütün çıxışların leytmotivi bu fikir olmuşdur ki, 20 Yanvar şəhidləri boş yerə canlarını qurban verməmişlər - Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir!
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri