Azərbaycanın Ukraynadakı səfirliyi Respublika Günü münasibətilə qəbul təşkil edib
Kiyev, 29 may, AZƏRTAC
Mayın 28-də Azərbaycanın Ukraynadakı səfirliyi milli bayram - Respublika Günü münasibətilə diplomatik qəbul təşkil edib.
Qəbuldan əvvəl səfirliyin əməkdaşları və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin top-menecerləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bağda onun abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra təntənəli tədbirin rəsmi hissəsi olub. Rəsmi hissədə Ukraynanın bütün hakimiyyət orqanlarının, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, Ukrayna Silahlı Qüvvələri və xüsusi xidmət orqanları generalitetinin nümayəndələri, Azərbaycan diaspor təşkilatları rəhbərlərinin və fəallarının, ictimai, elmi-mədəni, işgüzar dairələrin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Kiyevdəki səfiri Eynulla Mədətli qonaqları salamlayıb. Diplomat qeyd edib ki, 1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikasının yaradılması ölkənin tarixində mühüm və əlamətdar hadisə olub. Buna görə də mayın 28-də bütün dünya azərbaycanlıları milli bayramı - Respublika Gününü qeyd edirlər.
Diplomatik nümayəndəliyin rəhbəri xüsusilə qeyd edib ki, keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik bərpa edildikdən sonrakı ilk illərdə Azərbaycan ağlasığmaz çətinliklərlə qarşılaşıb. Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın və ona bitişik olan yeddi rayonun işğalı, öz maraqlarını güdən digər qüvvələrin müstəqilliyimizi sarsıtmaq cəhdləri Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə yaradıb. Belə bir çətin vəziyyətdə Azərbaycan xalqının çağırışı ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dövlətimizi və xalqımızı bu bəladan xilas edib. Böyük siyasətçi qısa müddət ərzində ölkə daxilində sabitliyi təmin edib, xalqı azərbaycançılıq ideyası ətrafında səfərbərliyə alıb və Ermənistan ilə atəşkəs rejiminə nail olub.
Diplomat xüsusi vurğulayıb ki, torpaqlarımızın işğal altında qaldığına, bir milyondan çox qaçqın və məcburi köçkün probleminin mövcud olduğuna baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sabitlik, inkişaf və bütün sahələrdə tərəqqi kursunu davam etdirir.
Sonda səfir Azərbaycanın birinci Avropa Oyunlarına tam hazır olduğu barədə toplaşanlara məlumat verərək tədbirin çoxsaylı qonaqlarını Bakıda keçiriləcək böyük idman bayramına dəvət edib.
Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qaliborenko öz çıxışında səfirin toxunduğu mövzunu - Azərbaycanın tərəqqisi və inkişafı, “Bakı-2015” oyunları mövzusunu davam etdirib. O, həmçinin Ukraynanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Rəsmi hissədən sonra qəbul olub. Qəbulun iştirakçılarına zəngin Azərbaycan mətbəxinin müxtəlif yeməkləri təklif edilib. Onlar Ukraynanın Xalq Artisti Qurban Abbasovun rəhbərliyi etdiyi “Azərbaycan” ansamblı artistlərinin ifasında musiqi proqramından zövq alıblar. Toplaşanlar “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa etmiş “Anna-Mariya” duetini gurultulu alqışlarla qarşılayıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev