AZƏRBAYCANIN VƏ RUSİYANIN DAXİLİ QOŞUNLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
Qonaqlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Həmin gün Sergey Topçi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşmüşlər. Görüşdən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilmişdir.
Zakir Həsənov demişdir ki, görüşdə müxtəlif məsələlər müzakirə olunsa da, təcrübə mübadiləsinə xüsusi diqqət yetirilmişdir. Rusiyaya ötənilki səfərini xatırladan komandan qeyd etmişdir ki, hər iki ölkənin daxili qoşunlarının vəzifələri eynidir. Buna görə də təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlı zabitlərin Rusiyada keçirilən təlimlərdə müşahidəçi qismində iştirak etdiklərini deyən komandan bildirmişdir ki, Azərbaycanın daxili qoşunları qarşısında duran vəzifələri həmişə yerinə yetirməyə hazırdır.
Sergey Topçi demişdir ki, ölkələrimiz arasında yaxşı dostluq münasibətləri mövcuddur. Bizim qarşılıqlı səfərlərimiz və müxtəlif tədbirlərdə görüşlərimiz əlaqələrimizin genişlənməsinə imkan yaradır.
Əlaqələrin bundan sonra da genişlənəcəyini deyən rusiyalı qonaq azərbaycanlı zabitlərlə müxtəlif mövzularda birgə seminarlar, məşğələlər keçiriləcəyini söyləmişdir. Eyni zamanda bildirmişdir ki, bu il Azərbaycanın 9 vətəndaşı Saratov hərbi məktəbini bitirəcəkdir. Bunlardan yarısı əlaçı diplomuna, baş çavuş Fizuli Şahbazov isə qızıl medala namizəddir.
Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili Qoşunların bəzi hərbi hissələrində, təlim mərkəzində olacaq, Daxili İşlər Nazirliyində görüş keçirəcək və Bakının görməli yerlərini gəzəcəklər.
Səfər iyunun 23-də başa çatacaqdır.