Azərbaycanın xarici işlər naziri Riqada macarıstanlı həmkarı ilə görüşüb
Riqa, 21 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Azərbaycanın Riqadakı səfirliyində macarıstanlı həmkarı Peter Siyyarto ilə görüşüb.
Görüşdə bütün sahələrdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələyə qədəm qoyması barədə məlumat verib.
Azərbaycanın və Macarıstanın xarici siyasət idarələrinin başçıları energetika sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirərək, TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıblar.
Macarıstan XİN-in başçısı Peter Siyyarto təhsil sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı vurğulayıb ki, yeni tədris ilində təqribən 200 macarıstanlı tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq.
“Wizair” aviaşirkəti vasitəsilə uçuşların bərpa olunmasından məmnunluq ifadə olunub, hava nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın imkanları nəzərdən keçirilib.
Azərbaycan XİN-in başçısı Bakıda «World Food Azerbaijan-2015» XXI Azərbaycan Beynəlxalq qida sənayesi sərgisində Macarıstan firmalarının iştirakından məmnunluğunu ifadə edib.
P.Siyyarto Macarıstanın Bakıda Mədəniyyət Mərkəzi açmaq niyyəti barədə məlumat verib.
Görüşdə yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa