Azərbaycanın Zəfər Bayramı Niderland Krallığında qeyd edilib
Rotterdam, 6 noyabr, AZƏRTAC
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Qarabağ İdman Klubunun qərargahında Zəfər Bayramı qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə 44 günlük Vətən müharibəsindən bəhs edən “BİZ” filmi nümayiş edilib.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun rəşadətindən, xalqımızın Vətən müharibəsi günlərdə nümayiş etdirdiyi şücaət və birlikdən, Qarabağa qovuşmaqdan, İrəvana Qayıdış Konsepsiyasından söz açıb. O, bu istiqamətdə qarşıda duran məqsədlərdən, dinc yolla Qərbi Azərbaycana qayıdış perspektivindən danışıb.
Tədbir iştirakçıları vətənimizi və ölkədən kənarda yaşayan soydaşlarımızı 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik ediblər.
Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə hər iki Qarabağ müharibəsində xalqımızın və əsgərlərimizin göstərdiyi igidliklərdən, Birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşının qanının yerdə qalmamasından, şəhidlik zirvəsinin yüksək məqamından danışıb.
BAK sədr müavini Sima Cəfərova və publisist şair Yasəmən Qara Vətən sevgisini tərənnüm edən şeirlərini səsləndiriblər.
Gənclərin ifasında Azərbaycan musiqisi səsləndirilib.
Niderland Krallığında yaşayan soydaşlarımızın və qardaş türk icmasının üzvlərinin iştirak etdikləri tədbir qarşıda duran məsələlərə dair fikir mübadiləsi ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam