Azərbaycanın Zəfər Günü Malayziyada müxtəlif tədbirlərlə qeyd olunub
Kuala Lumpur, 9 noyabr, AZƏRTAC
Azərbaycanın 8 Noyabr - Zəfər Günü ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü ilə təşkil edilən müxtəlif tədbirlərlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirliyin akkreditasiya olunduğu ölkələrdə - Malayziya, Tailand Krallığı, Bruney Darüssəlam və Myanmada yaşayan Azərbaycan icmasının fəallarının iştirakı ilə onlayn konfrans keçirilib. Konfrans Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Malayziyadakı səfiri İ.Davudov soydaşlarımızı salamlayaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi Qələbənin əhəmiyyətindən bəhs edib, bütün həmvətənlərimizi bu əlamətdar bayram münasibətilə təbrik edib, onlara xoşbəxtlik və uğurlar arzulayıb.
İcma nümayəndələrimizdən Gündüz Qasımlı, Gülçöhrə Rao, Elxan Qəhrəmanov, Elşən Bənnayev, Nərgiz Səfərova, Anar Yusifzadə, Loğman Cəfərli və Elnur İsmayılov bu möhtəşəm və əziz gün münasibətilə əlaqədar sevinclərini bölüşüb, bayram təbriklərini çatdırıblar.
Zəfər Gününün birinci ildönümündə Malayziyada yaddaqalan aksiya da təşkil olunub. Belə ki, Kuala Lumpur Şəhər Bələdiyyəsinin inzibati binasının möhtəşəm “MENARA-1” qülləsi üzərindəki rəqəmsal ekranda nəhəng Azərbaycan bayrağı proyeksiya edilib. Şanlı üçrəngli bayrağımızın fonunda “8 Noyabr - Azərbaycanda Zəfər Günü” sözləri yazılıb.
“MENARA-1” qülləsinin ekranının hündürlüyü 90 metrdən yüksək olmaqla, Malayziyanın ən böyük rəqəmsal nümayiş məkanı hesab olunur.
Zəfər Günü münasibətilə Kuala Lumpur şəhərinin məşhur “PETRONAS” şirkətinin “Əkiz qüllələr” meydanındakı nəhəng rəqəmsal billbordda da Azərbaycan bayrağı nümayiş etdirilib. Şanlı üçrəngli bayrağımızın fonunda “8 Noyabr - Azərbaycanda Zəfər Günü” sözləri yazılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur