AZƏRBAYCANLA İNDONEZİYA İQTİSADİ SAHƏDƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏYƏ MARAQLIDIR
Nazir E.Məmmədyarov Azərbaycan ilə İndoneziya arasında əlaqələrin daha da genişlənməsinə tərəfdar olduğunu söyləyərək, ölkəmizin Cakartada səfirliyinin fəaliyyət göstərdiyini və İndoneziyanın da Bakıda səfirliyinin açılmasına ümidvar olduğunu bildirmişdir.
Xarici siyasət idarəsinin başçısı ölkələrimiz arasında siyasi sahədə, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlaşmadan məmnun qaldığını söyləmiş, həmçinin iqtisadi sahələrdə, enerji sektorunda, biznes, turizm, kənd təsərrüfatı, mədəniyyət və s. sahələrdə geniş imkanların mövcudluğunu vurğulamışdır.
Nazir cari ilin iyununda Bakıda keçiriləcək İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin xarici işlər nazirlərinin konfransının ölkəmiz üçün əlamətdar hadisə olacağını qeyd etmiş və Azərbaycanın İKT-yə üzv olan dövlətlərlə daha sıx əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Səfir İKT ilə əməkdaşlığa ölkəsinin də böyük önəm verdiyini qeyd edərək, Azərbaycan və İndoneziya arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini və bunun üçün geniş potensialın olduğunu vurğulamışdır. O, təkcə neft sektorunda deyil, həm də digər sahələrdə, xüsusilə kimya sənayesi, elmi-tədqiqat sahələrində də əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır.
İki ölkə arasında iqtisadi və elmi sahədə müqavilələrin imzalanması və ikitərəfli hökümətlərarası iqtisadi komissiyaların yaradılmasının vacibliyi də vurğulanmışdır.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesi müzakirə edilmişdir. Nazir İndoneziyanın bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyinə görə səfirə minnətdarlığını çatdırmışdır.
Sonda nazir Elmar Məmmədyarov Amin Rianoma bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.