Azərbaycanlı alimlər beynəlxalq onlayn iclasda iştirak ediblər
Bakı, 3 iyul, AZƏRTAC
BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) birinci hədəfinin həyata keçirilməsinin təşviqi üçün qlobal təşəbbüsçü ABŞ-ın Missuri və Nyu-York Botanika bağları, Böyük Britaniyanın Kyu və Edinburq Kral Botanika bağlarının birgə təsis etdikləri “Dünya florası onlayn” (WFO) konsorsiumu hesab olunur. Yer üzərində yayılmış 400 mindən çox damarlı bitki və mamırları ehtiva edən əlçatan məlumat bazasının yaradılmasını qarşısına məqsəd qoyan konsorsiuma əsasən Amerika və Avropa ölkələri, habelə Çin olmaqla 40-a yaxın dövlətin aparıcı botanika təşkilatları üzv qəbul olunub. Postsovet ölkələrindən isə Rusiya Elmlər Akademiyası Komarov adına Botanika İnstitutu və Azərbaycandan AMEA Botanika İnstitutu bərabərhüquqlu üzv kimi beynəlxalq konsorsiumda təmsil olunur. Konsorsiumun üzv təşkilatlarının ali heyətinin - şurasının ildə iki dəfə iclası keçirilir və işçi qruplar tərəfindən irəli sürülən məsələlər burada geniş müzakirə olunur. Lakin yeni növ koronavirus (COVID-19) pandemiyasına görə, Belçikanın Meise şəhərində may ayında keçirilməsi planlaşdırılan şuranın cari il üzrə ilk iclası təxirə salınıb. Bu səbəbdən iclas şuranın bütün üzv təşkilatlarının iştirakı ilə “Zoom” platforması üzərindən onlayn formatda keçirilib. Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov “Dünya florası onlayn” şurasının növbəti onlayn iclasında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda beynəlxalq konsorsiumun 2019-2020-ci illər üçün nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi, bitki qruplarına dair taksonomik məlumatların emalı və rəqəmsallaşma, yaxın gələcək üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.
İclası “Dünya florası onlayn” konsorsiumunun həmsədrləri, ABŞ-ın Missuri Botanika Bağının prezidenti, professor Piter Vays Cekson və Cenevrə Botanika Bağının direktoru, Lozan Universitetinin professoru Pyer-Andre Luazo açaraq, mövcud vəziyyətə dair məlumat verib və konsorsiuma iki yeni üzvün qəbul olunduğunu söyləyiblər.
Uilyam Ulatenin (ABŞ) WFO portalının və taksonomik strukturunun yenilənməsi və yeni məlumatların daxil olması ilə bağlı informasiyaların emalına dair təqdimatı müzakirə olunub, təkliflər səsləndirilib. Bildirilib ki, fərqli mənbələrdən əldə olunan informasiyaların emalı zamanı müxtəlif ranqlı bitki qruplarında həll olunmayan və açıq qalan məsələlər mövcuddur.
Sonda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və şuranın növbəti onlayn iclaslarında müzakirəsi qərara alınıb.
Azərbaycan alimlərinin belə bir yüksək səviyyəli platformada iştirakı, bitkilərin mövcud müasir təsnifat və nomenklaturaya uyğun onlayn taksonomik resurslarının və onlayn florasının yeniləşdirilməsi mexanizminin işlənib-hazırlanması kontekstində olduqca vacibdir.
Qeyd edək ki, tədbirə 42 üzv təşkilatdan, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, İrlandiya, İsveçrə, Avstraliya, Rusiya, Türkiyə, Braziliya və digər ölkələrdən 43 alim qatılıb.