Azərbaycanlı baş məşqçi Marneulidə gənc güləşçilərlə öz təcrübəsini bölüşüb
Tbilisi, 9 iyul, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"nin idman arenasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yunan-Roma güləşi üzrə gənc idmançıları üçün ustad dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsi Azərbaycanın U-15 yığma komandasının baş məşqçisi, dünya və Avropa mükafatçısı Taleh Məmmədov keçib.
Təcrübəli mütəxəssis gənc idmançılarla məşq edərək onlara yunan-Roma güləşinin texniki və taktiki incəliklərini öyrədib, peşəkar təcrübəsini bölüşüb və dəyərli tövsiyələr verib.
Tədbirdə GAİM-in yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev də iştirak edib. O, rəhbərlik etdiyi gənc güləşçilərlə birlikdə ustad dərsdə iştirak edərək belə təlimlərin idmançıların peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, tanınmış mütəxəssislərin təcrübəsindən yararlanmaq gənc idmançıların texniki və taktiki hazırlığının yüksəldilməsinə, yarışlara daha inamla hazırlaşmalarına və gələcək uğurlar qazanmalarına mühüm töhfə verir.
Bildirilib ki, Azərbaycanın U-15 yığma komandasının baş məşqçisinin Gürcüstana gələrək belə bir ustad dərs keçməsi Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.
"Azərbaycan Evi"nin və GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, bundan sonra da Azərbaycandan təcrübəli məşqçilər və idman ustaları Gürcüstana dəvət olunacaqlar. Onun sözlərinə görə, belə təlimlər soydaşlarımız arasında idmana marağın artmasına, gənc idmançıların peşəkar bacarıqlarının inkişafına və gələcəkdə böyük uğurlar qazanmalarına mühüm töhfə verir.