Azərbaycanlı deputat avropalı parlamentariləri ədalətli və qərəzsiz olmağa çağırdı
Strasburq, 23 iyun, AZERTAC
Azərbaycanın suveren ərazisində - Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratması beynəlxalq hüququn normalarına əsaslanır. Bununla da Azərbaycan digər ölkələrdə olduğu kimi ərazisinə təhlükəsiz giriş-çıxışa nəzarət edir. Bu, bütün ölkələrin tətbiq etdiyi zəruri prosedurdur. Ermənistandan gəlib Xankəndiyə gedənlər nizam-intizamla, nəzakətlə yoxlanılır, qeydiyyata alınır. Sərhəd proseduruna uyğun olaraq təhlükəsizlik təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan nümayəndə heyətinin üzvü Pərvin Kərimzadə AŞPA-nın sessiyasında “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” adlı məruzənin müzakirəsi zamanı deyib.
Əminliklə bildirib ki, sərhəd-keçid məntəqəsinin yaranması ermənilər tərəfindən ərazilərimizə silah daşınmasının qarşısını alır. Eyni zamanda, minaların Laçın dəhlizi ilə Azərbaycan ərazilərinə gətirilməsinin, Qarabağdan təbii sərvətlərinin çıxarılması və Ermənistana daşınmasının da qarşısı alınır.
“Laçın yolu ilə Qarabağa silah-sursat, minalar daşınıb, hərbi qulluqçuların rotasiyası həyata keçirilib. Ermənistanın son 30 ildə törətdiyi beynəlxalq cinayətlərin bariz nümunəsi olan mina terroru nəticəsində 3377 azərbaycanlı zərər çəkib, onlardan 358-i uşaq olub. 2020-ci il noyabrın 10-dan bu günə kimi mina partlayışı nəticəsində 301 nəfər həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2022-ci ilin avqust ayından etibarən Kəlbəcər və Laçın istiqamətində Ermənistanda 2021-ci ildə istehsal edilmiş 3000 mina aşkarlanıb”, - deyən P.Kərimzadə minaların erməni separatçılarının vasitəsilə daşındığını diqqətə çatdırıb.
Bildirib ki, keçid məntəqəsinin yaradılması erməni terrorunun da qarşısını alır. Ermənistan rəsmilərinin Laçın yolunun blokadaya alınması ilə bağlı səsləndirdiyi iddialar növbəti yalan təbliğatdan başqa bir şey deyil. Son zamanlar sülh danışıqları intensivləşib. Belə bir şəraitdə Laçın yolunun “blokadaya alınması”ndan danışmaq sülhə mane olmaq və ona böyük zərbədir.
“Bütün bu prosesləri yaşadığımız bir vaxtda burada iştirak edən bütün insanları regionda sülhün və təhlükəsizliyin bərpasını dəstəkləməyə dəvət edirəm, sülhü sabotaj edənləri, blokada ilə bağlı əsassız iddiaları dəstəkləməməyə çağırıram. Burada ermənilərə qarşı soyqırımı termini qeyd olundu. Sərhəd-keçid məntəqəsinin yaradılması, müharibə cinayətlərinin qarşısının alınması sülhə, təhlükəsizliyə xidmət edir. Əsl etnik təmizləmə 2020-ci ildə ermənilərin mənim doğma şəhərimi, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncəni raket atəşinə tutmaları ilə, günahsız uşaq və qadınları qətlə yetirmələri ilə oldu. Ermənilərin mina terroru, kütləvi məzarlıqlar, Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə raket atmaları ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı idi”, - deyərək P.Kərimzadə avropalı deputatları ədalətli, qərəzsiz olmağa çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq