Azərbaycanlı deputatın məruzəsinə Avropa Şurası Nazirlər Komitəsindən müsbət rəy
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyəti ölkəmiz üçün siyasi əhəmiyyət kəsb edən bir sıra aktual məsələlərlə yanaşı, müəyyən ümumavropa problemləri ilə də bağlı ardıcıl iş aparır. Nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov indiyədək 14 mövzu üzrə məruzələr hazırlayıb. Onun hazırladığı və artıq Parlament Assambleyasında müzakirə olunaraq yekdilliklə qəbul edilmiş “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzə qəbul edilmiş qaydalara uyğun olaraq sonrakı addımlar üçün Nazirlər Komitəsinə göndərilmişdi. Avropa Şurası Nazirlər Komitəsi adətən hər qəbul edilmiş məruzə ilə bağlı müvafiq cavab hazırlayır, məruzəni dəyərləndirir və həmin hesabatın qətnamə layihəsindən çıxış edərək üzv dövlətlər üçün tövsiyələrini bildirir.
AŞPA-nın hüquqi işlər və insan haqları komitəsinin Madriddə keçirilən iclasına təqdim edilən sənədlər arasında Nazirlər Komitəsinin deputat R.Hüseynovun adı çəkilən məruzəsinə yazdığı cavab da olub. Məruzəni yüksək qiymətləndirən Nazirlər Komitəsi həmin hesabatın və araşdırmada irəli sürülən ideyaların gələcəkdə Avropa Şurasının hüdudlarının genişlənməsinə, onun təsir və nüfuz dairəsinin daha da artmasına kömək göstərəcəyini bildirib. Nazirlər Komitəsinin cavabı və qeydləri ilə birgə R.Hüseynovun mövqeyi də nəşr olunaraq yayılıb. Azərbaycanlı deputatın hazırladığı məruzənin diqqət çəkən başlıca məziyyətlərindən biri ölkəmizin Avropa Şurasının zənginləşməsi yolunda necə səmərəli işlər gördüyünü nümayiş etdirməsidir.
R.Hüseynov Nazirlər Komitəsinin cavabına yazdığı şərhlərdə bildirir: “Avropa Şurasının öz sərhədlərini genişləndirməsi müsbət haldır və bu proses gələcəkdə də davam edəcək. Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması da ümumavropa qanun məkanının daha sürətlə formalaşmasında mühüm amillərdəndir. Nazirlər Komitəsinin cavabında məruzədə göstərilmiş bir sıra məqamlarla bağlı dəqiqləşdirmələr aparılır və bu zaman artıq Avropa Şurasında qəbul edilmiş müəyyən qətnamələrə istinad edilir. Zənnimizcə, məsələyə məhz bu cür kompleks yanaşma gələcəkdə qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması işinin daha düzgün və məqsədyönlü şəkildə irəliləməsinə müsbət təsirini göstərə bilər. Qeyri-üzv dövlətlərin də Avropa Şurası konvensiyalarına riayət etməsi Avropa məkanında işlətdiyimiz müştərək qanun dilinin daha səmərəli, hüquq fəzasının daha münasib olmasına şübhəsiz ki, ciddi təkan verəcək”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid