Azərbaycanlı gənclər Romada Xocalı faciəsi ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
Roma, 26 fevral, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası və İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Romanın əsas meydanlarından olan “Piazza del Popolo”da bir araya gələn azərbaycanlı gənclər Xocalı faciəsini 28-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya ərzində yerli sakinlərə və turistlərə Xocalı həqiqətlərini əks etdirən 300-dən çox çap materialı, broşür, flayer və kitab paylanılıb.
Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini ifa edib, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma