Azərbaycanlıların Marneulidəki mədəniyyət mərkəzində Xocalı soyqırımının ildönümü qeyd olunmuşdur
Tbilisi, 9 fevral (AZƏRTAC). Fevralın 8-də Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilmişdir. Mərasimi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açmış, XX əsrin sonunda, dünyanın sivilizasiyaya üz tutduğu bir vaxtda dəhşətli soyqırımı baş verdiyini konkret faktlarla əsaslandırmışdır.
Sonra Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Xocalı soyqırımı, onun təşkilatçıları barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin cəsarəti sayəsində dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini eşitmək məcburiyyətində qalmışdır. Bu gün isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılır və bu faciəni törədənlərə nifrət günbəgün artır. Bir çox ölkələr mənfur erməni xisləti nəticəsində bir gecədə bir şəhərin yer üzündən silinməsini faciə deyil, soyqırımı sayır. Qənirə Paşayeva Azərbaycan xalqının yaddaş tarixindən belə səhifələrin heç vaxt silinməyəcəyini vurğulamış və şəhid qanının müqəddəslik, zirvə olduğunu demişdir.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bir gecədə bir şəhərin yer üzündən silinməsinin soyqırımından başqa özgə adı olmadığını demiş və tarixin buna obyektiv qiymət verəcəyinə əmin olduğunu bildirmişdir. Gürcüstanlı deputat üzvü olduğu ali qanunvericilik orqanının bu məsələyə münasibət bildirməsi yönümündə işin davam etdiriləcəyini söyləmişdir.
Yazıçı-publisist Əli Abbas, gənc tarixçi Aygül İsayeva və başqaları Xocalı soyqırımını XX əsrin faciəsi saymış, bəşəriyyətin ermənilərin bu hərəkətinə laqeyd qalmayacağına əmin olduqlarını vurğulamışlar.
Mədəniyyət Mərkəzinin foyesindəki Xocalı soyqırımı ilə əlaqədar təşkil olunmuş fotostend iştirakçıları göz yaşına qərq etmişdir. Qərara alınmışdır ki, fevral ayı Xocalı soyqırımının xatirəsi ayı kimi yadda qalsın. Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi