Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Pirallahı rayonunda silsilə tədbirlər keçirilir
Bakı, 31 mart (AZƏRTAC). Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri martın 31-də Pirallahı qəsəbəsindəki “Abşeronneft” NQÇİ-nin akt zalında keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, “Abşeronneft” NQÇİ-nin rəhbərliyi və işçiləri iştirak etmişlər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov bildirmişdir ki, erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımının tarixi çox qədimdir. Bu soyqırımlarının ən dəhşətlisi 1918-ci ildə baş vermişdir. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri Şaumyan olmuşdur. Hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır.
Onun əlinə belə bir fürsət 1918-ci ilin martında düşmüşdür. Martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı alovlanır. Qanlı erməni caynağı xərçəng kimi Azərbaycanı əhatə edir. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər başlayır. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə-yeksan olunmuşdur.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etmişdir ki, artıq bir neçə əsrdir biz mənfur qonşularımız ermənilərin Azərbaycana qarşı apardığı məkrli bir siyasətlə - ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz siyasəti ilə üz-üzəyik. Bu siyasət nəticəsində minlərlə insanımız həyatından məhrum olmuş, milyonlarla soydaşımız evindən-obasından didərgin düşmüşdür. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələr zəncirində növbəti bir həlqə, milli yaddaşın təzahürüdür. 1918-ci ilin martında azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1918-ci ilin mart ayından etibarən əks-inqilabla mübarizə şüarı altında Bakı Kommunası tərəfindən dəstəklənən və ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planı həyata keçirməyə başladılar. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər.
Ümummilli lider Heydər Əliyev 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasını təsdiq etmişdir. Bu gün ulu öndər Heydər Əliyevin elan etdiyi hücum diplomatiyası uğurla davam etdirilir. Artıq strateji xətt bütün itirilmişləri qaytarmaqdan ibarətdir ki, hazırda bu müqəddəs yolda ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətini, ardıcıl mübarizəsini onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Biz inanırıq ki, Azərbaycanı Cənubi Qafqazda lider dövlət səviyyəsinə ucaltmış Prezident İlham Əliyevin ikili standartları qırıb-dağıtmaqla Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə nail olacağı gün uzaqda deyil. Biz azərbaycanlılar buna ürəkdən inanırıq. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, biz ya danışıqlar, sülh yolu ilə, ya da digər vasitələrlə mütləq doğma Qarabağımıza qayıdacağıq, Qafqazda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik!
Sonda mart soyqırımına həsr edilmiş videoçarx nümayiş olunmuşdur.