“AzerGold” və “Azərxalça” birgə layihənin icrasına başlayıb
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə ölkəmizin ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC mədəni irsinin təbliği ilə bağlı birgə layihənin icrasına başlayıb.
Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən məlumat verilib.
Bildirilib ki, təşəbbüs çərçivəsində Qarabağ xalçaçılıq məktəbinə aid "Azərxalça" brendinə məxsus “Qasımuşağı” və “Çələbi” xalçalarını əldə edən hər bir müştəriyə “AzerGold” QSC-nin istehsalı olan və üzərində Qarabağ xalçaçılıq məktəbinə məxsus “Qasımuşağı və “Çələbi” xalçasının ornamentlərinin həkk edildiyi “Laçın” və “Qarabağ xalçası - Çələbi” gümüş sikkələri veriləcək.
Bu unikal əməkdaşlığın əsas məqsədi Azərbaycanın qədim xalçatoxuma ənənələrini mədənçilik sənayesi ilə sintez edərək, milli mədəni irsin təbliğinə töhfə verməkdir. Layihə həmçinin özünəməxsus ornamentləri, zəngin rəng palitrası və simvolik kompozisiyaları ilə Azərbaycan xalçaçılığının nadir incilərinin bənzərsiz orijinal təfsirinin geniş auditoriyaya tanıdılmasını hədəfləyir.
UNESCO tərəfindən 15 il öncə qeyri-maddi mədəni irs kimi tanınan Azərbaycan xalçaçılıq sənəti öz milli dəyərlərini qoruyub saxlamaqla yeni və müasir inkişaf dövrünü yaşayır.
Hər iki milli brendin ortaq təşəbbüsü Qarabağın xalçaçılıq irsinə həsr olunmuş sikkə kolleksiyası ilə orijinal xalça nümunələrini birləşdirərək, ənənə və müasirliyi, keçmiş və bu günü qovuşduran mənəvi körpünün yaradılmasına xidmət edir.