“Azərikimya” İstehsalat Birliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Sumqayıt, 20 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərkimya” İstehsalat Birliyinin baş ofisinin iclas salonunda 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə kimyaçılarla yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Binanın vestibülündə anım guşəsi yaradılmışdır.
Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
“Azərikimya” İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev 1990-cı il yanvarın 20-nə keçən gecə baş vermiş hadisələri yada salaraq qeyd etmişdir ki, həmin gecə dinc sakinlər qəhrəmanlıq, mərdlik, qorxmazlıq örnəyi göstərib, ölkəmizin salnaməsinə şanlı səhifə yazmışlar: 130-dan çox adam həlak olmuş, 700-dək insan yaralanmışdir. M.Babayev təhlükəli olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailəsi ilə birlikdə gəlmiş, hadisələrə obyektiv siyasi-hüquqi qiyməti birinci vermiş ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayaraq demişdir ki, onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müvafiq Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar xalqımızın tarixində sağalmayan yara olmaqla bərabər müstəqil dövlət quruculuğu yolunda ən qətiyyətli addımdır. M.Babayev respublikanın dinamik inkişafından danışaraq xüsusi vurğulamışdır ki, respublika güclü orduya malikdir, əhalinin qurub-yaratmaq eşqi, dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli və uğurlu fəaliyyəti Qarabağ probleminin tezliklə həll ediləcəyinə ümid yaradır.
Əməkdar Müəllim Ofeliya Babayeva, Əməkdar Mədəniyyət Xadimi Olya İslamova, “Azərikimya” İB Həmkarlar komitəsinin sədri Vaqif Ömərov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin qəhrəmanlığından söz açaraq bildirmişlər ki, respublikamızın intensiv inkişafı, ölkəmizin dünya məkanında uğurları, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropanın əsas mahnı müsabiqəsinin Bakıda keçirilməsi, habelə bölgələrin, o cümlədən Sumqayıtın sürətlə dəyişməkdə olan siması ölkənin işıqlı gələcəyindən xəbər verir.
Tədbir zamanı böyük monitorda tematik slaydlar nümayiş etdirilmişdir. Tədbirdə 11 nömrəli orta məktəbin xoru Şəhriyarın şeirinə bəstələnmiş şəhidlər haqqında mahnını, Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etmişdir.