“Azərişıq” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşəcək
Bakı, 30 may, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 7-də saat 10:00-da Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul “Azərişıq”ın Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi 63 ünvanında yerləşən Şimal-Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. Qəbulda iştirak etmək istəyən şəxslər Qəbələ Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin “199” Çağrı mərkəzinə, onlayn isə “[email protected]” elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.