“Azərkitab” Moskva sərgisinin xüsusi diplomuna layiq görülüb
Moskva, 8 sentyabr, AZƏRTAC
Rusiya paytaxtında 31-ci Moskva Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgidə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə nəşr edilmiş kitablar da təqdim olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Moskva sərgisində təmsil olunan “Azərkitab” Kitab Təbliğatı Mərkəzi beynəlxalq kitab mübadiləsi sahəsində nailiyyətlərinə görə sərginin xüsusi diplomuna layiq görülüb.
Moskva sərgisində hər il dünyanın müxtəlif ölkələrindən naşirlər, poliqrafçılar, ədiblər və kitabxanaçılar toplaşır. Bu il sərgidə 25 ölkədən 300 nəşriyyat evi 100 mindən çox müxtəlif janrlı kitab sərgilənir. Azərbaycan stendində ölkəmizin tarixinə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, mədəniyyətinə, incəsənətinə, turizm imkanlarına dair kitablar, məşhur yazıçılarımızın əsərləri təqdim olunur. Sərgidə nümayiş olunan kitabların əksəriyyəti rus dilindədir. Eyni zamanda, Azərbaycan və ingilis dillərində olan kitablar da nümayiş edilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva