“AZƏRPOÇT” DÖVLƏT MÜƏSSİSƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ QAZAXISTANA YOLA DÜŞMÜŞDÜR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət Müəssisəsinin (DM) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə yola düşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, hazırda Azərbaycanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində “Azərpoçt” DM-də Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin qurulması prosesi həyata keçirilir. Səfərin məqsədi bu sistemin qurulmasında digər dövlətlərin təcrübəsini öyrənmək və ondan istifadə etməkdir.
“Maliyyə xidmətlərinin inkişafı layihəsi”nin dəyəri 17,5 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 12,5 milyon dollarını Dünya Bankı Azərbaycana kredit kimi ayırmışdır. Qalan 5 milyon dollar isə Azərbaycan hökumətinin payıdır. Layihənin əsas məqsədi kənd yerlərində və kiçik şəhərlərdə maliyyə xidmətlərindən istifadə imkanlarını təkmilləşdirmək və biznes infrastrukturunu yaratmaqla inkişaf və iqtisadi yüksəlişə yardım göstərməkdən ibarətdir.