“Azərsu” rəhbərliyi Naftalanda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 14 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov aprelin 14-də Naftalan şəhərində Naftalan, Goranboy və Xocalıdan olan sakinlərlə görüşüb.
“Azərsu”dan AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Köçərli Həsənov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.