AZƏRTAC-da gənclər təşkilatlarının nümayəndələri ilə görüş olub
Bakı, 6 oktyabr, AZƏRTAC
AZƏRTAC-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatların rəhbər və nümayəndələri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət muzeyə baxıblar.
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə guşəsi ilə tanış olan qonaqlara onun Vətən müharibəsində cəbhəboyu zonada fəaliyyətindən danışılıb, AZƏRTAC-ın əməkdaşlarının bu dövrdə ictimaiyyətə operativ olaraq informasiya ötürdüyü diqqətə çatdırılıb.
Görüş zamanı qonaqlara AZƏRTAC-ın tarixi barədə məlumat verilib, informasiya təhlükəsizliyi, xəbər buraxılışı prinsipləri, məlumatların doğruluğunun yoxlanılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.