“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin təqdimatı olmuşdur
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Atatürk Mərkəzində “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri Rəsmiyyə Babayeva ölkəmizdə qeyri-hökumət təşkilatlarına göstərilən dövlət qayğısından söhbət açmış, bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusilə vurğulamışdır. Bildirilmişdir ki, təşkilatın yaradılmasından məqsəd tarix elminin inkişafına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulmasına yardım etməkdir. İctimai birlik qarşısına ən qədim insan məskəni olan Azıx mağarasının, habelə işğal olunmuş ərazilərimizdəki digər tarixi maddi-mədəniyyət abidələrinin beynəlxalq səviyyədə hüquqi müdafiəsini, soyqırımı faktlarının tədqiqini, tərəqqipərvər ideyaların təbliğini təşkil etmək məqsədləri də qoymuşdur.
Təqdimat mərasimində görkəmli cərrah və alim Doktor Cavad Heyət, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu və başqaları çıxış edərək “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin yaradılmasının əhəmiyyətini vurğulamış, təşkilata gələcək fəaliyyətində uğurlar arzulamışlar.