AzTU-da 20 Yanvar faciəsinin 22-ci ildönümü qeyd olunmuşdur
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
AzTU-nun rektoru, professor Havar Məmmədov bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. AzTU-nun tələbəsi İlqar Əhmədov da həmin gənclərdən biri olmuşdur.
Milli Məclisin deputatı Aydın Mirzəzadə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının XX əsrdə bəşər tarixində ən ağır cinayətlərdən biri olduğunu vurğulamışdır.
Tədbir çərçivəsində faciənin dəhşətlərini əks etdirən film və fotosərgi nümayiş olunmuş, universitetin tələbələri 20 Yanvara həsr edilmiş ədəbi-bədii kompozisiya göstərmişlər.