Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabı təqdim olunub
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Bağdad şəhərində “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimat mərasimi təşkil olunub.
Bu barədə AZƏRTAC-a Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasından (ABİA) məlumat verilib.
Bildirilib ki, bu nəşr İraq-türkman dilinin qrammatik bazasının sistemli şəkildə araşdırılaraq ümumiləşdirildiyi ilk fundamental elmi əsər hesab olunur. Kitab Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tərəfdaşlığı ilə hazırlanaraq Azərbaycan və ərəb dillərində nəşr edilib.
Tədbirdə çıxış edən Kərkük Universitetinin professoru, doktor Nəbil Şahin Kifrili, İraq Xarici İşlər Nazirliyinin təmsilçisi Əli Qabbani, Müstənsəriyyə Universitetinin Hüquq fakültəsinin dekanı doktor Malik Mənsi əl-Hüseyni və professor Çoban Xıdır bildiriblər ki, bu nəşr zəngin tarixi keçmişə və özünəməxsus dil xüsusiyyətlərinə malik olan İraq türkmanlarının ana dilinin sistemləşdirilməsi istiqamətində atılmış mühüm və tarixi əhəmiyyətli addımdır.
Çıxışlarda vurğulanıb ki, azərbaycanlı alimlərin bir il davam edən akademik araşdırmaları nəticəsində ərsəyə gələn bu elmi əsər İraq-türkman dilinin akademik səviyyədə qrammatik əsaslarının formalaşdırılması, eləcə də vahid ədəbi dil normalarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, kitab 4 milyonluq İraq türkmanlarının ana dilinin qorunması və inkişafı, həmçinin milli-mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən kitabın həmmüəllifləri – Bağdad Universitetinin professoru Mahmud Çayırlı və AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini Elnur Mustafayev Azərbaycan alimləri ilə İraq türkman ziyalıları arasında qurulan elmi əməkdaşlığın qardaş türkman toplumu ilə Azərbaycan xalqı arasındakı tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət etdiyini xüsusi vurğulayıblar.
ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov və Azərbaycanın İraqdakı səfirliyinin müşaviri Elnur Məmmədzadə isə çıxışlarında son illər ərzində İraq türkmanları ilə Azərbaycan arasında həyata keçirilən çoxşaxəli tədbirlərin və layihələrin iki dövlət və xalq arasında münasibətlərin daha da inkişafına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.