BAK 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirmişdir
Paris, 22 yanvar (AZƏRTAC). Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirmişdir.
Yanvarın 20-də BAK-ın ətrafında birləşən müxtəlif təşkilatların gəncləri ölkənin inzibati mərkəzi Haaqada yürüş keçirmiş, paytaxt Amsterdamda isə sakinlərə və qonaqlara al rəngli qərənfillər və faciədən bəhs edən vərəqələr paylanmışdır. Vərəqələrdə 22 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə SSRİ prezidenti M.Qorbaçovun əmri ilə sovet ordusunun Bakı şəhərinə soxularaq azadlıq və müstəqillik tələbi ilə küçələrə çıxmış dinc və silahsız əhaliyə amansızlıqla divan tutmasından bəhs edən dəhşətli faktlar əksini tapmışdır.
Yanvarın 21-də BAK-ın Hollandiyanın Rotterdam şəhərində yerləşən ofisində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda 20 Yanvarın xalqımızın qan yaddaşına çevrilməsindən, bugünkü müstəqilliyimiz naminə həyatlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmış mərd mübarizlərdən söhbət açılmışdır. Tədbirdə, həmçinin müdhiş gecənin həm də tariximizin qəhrəmanlıq səhifəsini təşkil etməsi vurğulanmışdır.
Sonda şəhidlərin əziz xatirəsinə dualar oxunmuş və ehsan verilmişdir.
Yanvarın 22-də Krallığın Brabant əyalətinin Tiburq şəhərində DAK-ın təşkilatçılığı ilə Azərbaycan diasporu təmsilçilərinin, qardaş Türkiyə və İraq türkmənləri təşkilatlarının iştirakı ilə keçirilən tədbirdə 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qanlı qırğın barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti şəhidlərin xatirəsini daim əziz tutmaqla yanaşı, onların ailələrinə hərtərəfli qayğı göstərir.
Sonda şəhidlərin xatirəsinə ehsan verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris