Bakı Ali Neft Məktəbinin tələbəsi: Prezidentin sadəliyinə heyran oldum
Bakı, 13 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Oktay Əmrahov da olub.
Onun ailəsi Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonu işğal olunandan sonra məcburi köçkün düşüb, Bakı şəhərində məskunlaşıb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, 2004-cü ildə Bakıda anadan olan Oktay Əmrahov bu ali məktəbin neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsidir. O, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 nömrəli orta məktəbin məzunudur. Qəbul imtahanlarında 646,4 bal toplayıb.
Prezident İlham Əliyevlə görüşdən təəssüratlarını bölüşən BANM tələbəsi deyir ki, dövlət başçısı ilə görüşdə çox həyəcanlı olub, hətta həyəcandan adını deməyi unudub. Ali Baş Komandanla görüşməklə Oktay həm də ən böyük arzularından birinə çatıb: “Cənab Prezidentin sadəliyinə heyran oldum. O, hər kəslə səmimi şəkildə görüşdü, hamının fikirlərini dinlədi. Mən də dövlətimizin başçısına yaxınlaşıb salam verdim və Bakı Ali Neft Məktəbinin tələbəsi olduğumu bildirdim. Prezidentimiz tələbələrə salam söyləməyimi dedi. Cənab Prezidentdən xoş sözlər eşitmək həm mənim, həm də ali məktəbimiz üçün böyük qürur hissidir”, - deyə Oktay Əmrahov bildirib.
BANM-i seçməyindən danışan Oktay Əmrahov qeyd edib ki, bu seçimində kimya müəlliminin tövsiyəsi böyük rol oynayıb. Onun məsləhətindən sonra bu ali məktəbdə neft-qaz mühəndisliyi ixtisasına qəbul olmağı hədəf seçib və yüksək nəticə göstərərək istəyinə nail olub.