BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməz qalmışdır. Təklif və tələb 100 min dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4914 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 2,506 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 12,314 milyard təşkil edir. Bir əqd, orta hesabla, 313,25 min dollara bərabər olmuşdur. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 aləti üzrə əqdlər bağlamamışlar. AVRAZM və RURAZM alətləri üzrə banklar tərəfindən sifariş daxil olmamışdır.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə ümumən 1,2 milyard manat və ya 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün banklar tərəfindən sifarişlər verilmişdir. Sentyabrın 2-də birjada banklar arasında illik 10 faizlə 800 milyon manat borc götürülməsi üzrə bir əqd bağlanmışdır. Kreditayırma müddəti bir gün (“overnayt”) olmuşdur.