Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Mərakeşdə görüşlər keçirib
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Mərakeşə səfəri çərçivəsində ICESCO-nun Baş direktoru Salim Əl-Maliklə görüşüb.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ICESCO-nun Baş Qərargahında keçirilən görüşdə Azərbaycanın multikulturalizm siyasəti, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə qarşılıqlı informasiya mübadiləsinin vacibliyi vurğulanıb.
Multikulturalizm Mərkəzinin rəhbəri R.Həsənovun səfər çərçivəsində digər görüşü Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin Baş katibi Samira Lemlizi ilə olub. Görüş zamanı Azərbaycan multikulturalizm modelinin Mərakeşdə təbliği, Azərbaycan mədəni irsinin Mərakeş ictimaiyyətinə geniş şəkildə çatdırılması, bu ölkənin gəncləri ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, iyulun 9-da Mərakeş Krallığının paytaxtı Rabatda “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” adlı ilk beynəlxalq seminar keçirilib. Seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib. ICESCO-nun Baş Qərargahında keçirilən tədbirdə yüksək səviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq və dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər. Rəvan Həsənov “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” adlı beynəlxalq seminarda məruzə ilə çıxış edib.