BAKI CAZ FESTİVALININ AÇILIŞI OLMUŞDUR
Konsertdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təbrik sözü ilə çıxış etdi.
Bu, Azərbaycan paytaxtında belə formatda keçirilən artıq ikinci festivaldır. Keçən il əfsanəvi Co Zavinul özünün “Sindikat” qrupu ilə Bakının əsas qonağı idi. “Baku Jazz Festival – 2006” Heydər Əliyev adına Sarayda, Bakı Caz Mərkəzində, Şövkət Məmmədova adına Opera studiyasında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Klub-1033-də və Nizami meydanındakı açıq səhnədə keçiriləcəkdir.
İyunun 21 və 22-də Heydər Əliyev adına Sarayda amerikalı müğənni – caz vokalının şahı El Cerrounun konsertləri olacaq, ayın 27-də isə burada mahir caz musiqiçisi, “Grammy” mükafatının səkkizqat qalibi Herbi Henkokun qrupu çıxış edəcəkdir.
Əvvəlki festivaldakı kimi, yenə də hər gün saat 23-də Bakı Caz Mərkəzində yerli musiqiçilərin və xarici qonaqların iştirakı ilə ümumi çıxış olacaqdır.