“Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib
Bakı, 2 fevral, AZƏRTAC
ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” jurnalının yeni sayı çap edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Bakı Dialoqları”nın bu nəşri Azərbaycanda, Cənubi Qafqazda və İpək Yolu regionunda baş verən hadisələri izləyənlərin mütaliəsi üçün vacib mənbə olacaq. Nəşrdə tanınmış ekspertlər, analitiklər və tədqiqatçılar tərəfindən yazılmış yeddi orijinal məqalə yer alıb.
Jurnalın səhifələrində oxucular Azərbaycanın müasir geostrateji istiqaməti ilə bağlı dərin təhlillərlə tanış olmaq imkanı əldə edəcəklər. Belə ki, oxucular ölkənin iki əsas ikitərəfli münasibətləri (İsrail və Fransa), İpək Yolu regionunda iki vacib inkişaf amili (Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığına yenidən baxması və Türkiyə qaz qovşağı), eləcə də iki mühüm daxili tendensiya (Qarabağa Böyük Qayıdış siyasətinin həyata keçirilməsində “ağıllı kənd” konsepsiyasının rolu və miqrasiya probleminin riskləri və ya qazancları) barədə məqalələri oxuya biləcəklər.
Jurnalda yayımlanan məqalələrə İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenkin müəllifi olduğu “Ərimiş Aysberq: İsrail və Azərbaycan arasında strateji əlaqələrin genişləndirilməsi”, İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı Maksim Quenin “Fransa-Azərbaycan münasibətləri: reallıqlar və anlaşılmazlıqlar” və Brüsseldə yerləşən müstəqil beyin mərkəzi olan Avropa Qonşuluq Şurasının direktoru Samuel Doveri Vesterbye tərəfindən yazılan “Aİ xarici siyasətini yeniləmə vaxtıdır? Müharibə dövründə Aİ və İpək Yolu regionu” məqalələri daxildir.