Bakı Dövlət Universiteti: ötən gün bakalavr pilləsində 2107 tələbə onlayn imtahan verib
Bakı, 19 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 18-də bakalavriat pilləsində təhsil alan 90 qrup üzrə 2107 (165 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 72 ixtisaslaşmada 49 fənn üzrə 210 magistrant imtahan verib.
Universitetin Qazax filialında isə 268 tələbə imtahanlarda iştirak edib. Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
Sessiya iyulun 10-da yekunlaşacaq.