Bakı Dövlət Universitetində BP şirkətinin vitse-prezidenti ilə onlayn görüş
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının “British Petroleum” (BP) şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə onlayn görüşü keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, onlayn görüşdə Bəxtiyar Aslanbəyli “Azərbaycanın enerji strategiyası” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın neft-qaz resurslarının istehsalı, həmçinin satışının təşkili, xarici ölkələrə ixracı, beynəlxalq bazarlara çatdırılması, Cənub Qaz Dəhlizi və ona aid olan Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum), TAP və TANAP layihələrinin genişləndirilməsi kimi məqamlara aydınlıq gətirib.
B.Aslanbəyli, eyni zamanda, yeni layihələrin idarə olunması, bu layihələrin həmin ölkələrin maraqlarına uyğunlaşdırılması, kommersiya cəhətdən əsaslandırması və rentabelliliyi, təminatlı ixrac bazarı, alternativ və bərpa olunan enerji layihələri barədə ətraflı məlumat verib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən onlayn görüş diskussiya şəraitində davam edib.
Qeyd edək ki, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, həmçinin BDU-nun Himayəçilər Şurasının üzvüdür.