Bakı Dövlət Universitetində Koreya mədəniyyəti üzrə nitq müsabiqəsi keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Bakı Dövlət Universitetində 7-ci Koreya mədəniyyəti üzrə nitq müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən və Koreya universitetləri ilə qarşılıqlı layihələrindən danışıb. İki ölkə arasında əlaqələrin böyük tarixə malik olduğunu nəzərə çatdıran rektor bu əlaqələrin davamlı olacağına əminliyini söyləyib: “Son illər əməkdaşlığımız dinamik inkişaf edir. Universitetin şərqşünaslıq fakültəsində on ildən artıqdır ki, koreyaşünaslıq ixtisası, Koreya dili və ədəbiyyatı tarixi yerli və xarici mütəxəssislər tərəfindən tədris olunur. Yeddi il ərzində universitetdə Koreya dili və ədəbiyyatı üzrə 54 yüksəkixtisaslı mütəxəssis hazırlanıb”.
Rektor Koreya səfirliyinin dəstəyi ilə bir sıra uğurlu layihələrin reallaşdırıldığını, yeddinci dəfə keçirilən nitq müsabiqəsinin də bu qəbildən olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu nitq müsabiqəsi barədə məlumat verərək Koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə dəstək göstəriləcəyini, iki ölkə universitetləri arasında əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib: “Bu il Koreyadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artıb. Ümid edirəm ki, gələn il bu rəqəm 70 faizə çatacaq və tələbələrimiz üçün yeni iş imkanı yaranacaq. Turistlərin sayının artması Azərbaycan xalqına və onun mədəniyyətinə olan sevginin bariz nümunəsidir”.
Sonra tələbələr Koreya mədəniyyəti, tarixi və dili mövzularında biliklərini nümayiş etdiriblər.