Bakı Film İnstitutu “Aktyor və kamera” layihəsinin icrasına başlamışdır
Bakı, 14 may (AZƏRTAC). Bakı Film İnstitutu (BFİ) “Aktyor və kamera” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində Azərbaycanın məşhur aktyorlarının ustad dərsləri təşkil olunur.
Bu barədə AZƏRTAC-a məlumat verən BFI-nin rəhbəri Fehruz Şamıyev bildirmişdir ki, layihə çərçivəsində Rasim Cəfərun və institutun müəllimi Qurban Məsimovun ustad dərsləri artıq başa çatmışdır. Mayın 16-da isə məşhur aktyor Şövqi Hüseynovun ustad dərsi keçiriləcəkdir.
F.Samıyev demişdir ki, layihənin məqsədi aktyor sənəti ilə maraqlanan gəncləri bir araya gətirmək, onlara bu sənətin incəliklərini mütəxəssislərinin dili ilə çatdırmaqdır.
Vurğulanmışdır ki, dərslərdə aktyor sənətinin incəlikləri, müasir aktyor texnologiyası, bu sənətin sahibinin kamera önündə işi, aktyor və tamaşaçı münasibətləri diqqətdə saxlanılacaqdır. Bundan əlavə, dərslərimizə qatılan hər bir gənc biləcək ki, aktyor özünü formada necə saxlamalı, çəkilişə necə sürətlə hazırlaşmalıdır. Düşünürəm ki, ustad dərsləri bu sənətlə maraqlanan, aktyor olmaq istəyən, yaxud da ilk addımlarını atan gənclər üçün maraqlıdır. Bunu təşkil olunan iki dərslərin nəticələrinə əsaslanaraq deyirəm. Onu da xüsusi ilə qeyd etmək istəyirəm ki, gənclər ustad dərslərində heç bir ödəniş olmadan iştirak edə bilərlər.
Qeyd edək ki, BFİ-də kinoprodüser, kinossenarist, kinorejissor və aktyor kursları fəaliyyət göstərir, yerli və xarici kino mütəxəssislərinin ustad dərsləri təşkil olunur.