BAKI JURNALİSTLƏRİ AZƏRBAYCAN MEŞƏLƏRINƏ MEDİA-TURA ÇIXMIŞLAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu layihəyə hansı rayonların meşələrinin daxil ediləcəyi hələlik qəti müəyyənləşdirilməmişdir. Lakin dəqiq məlumdur ki, Qusar meşə zonasının bəzi hissələri, Xaçmaz və Quba rayonlarının meşələri bu parkın tərkibində olacaqdır.
Xaçmaz ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları jurnalistlərə bildirmişlər ki, rayonun meşələrində “Qırmızı kitaba” salınması zəruri olan çoxlu ağac və nəsli kəsilməkdə olan heyvan növləri vardır. Son vaxtlar təsərrüfatlara ziyan vuran canavarların sayı kəskin surətdə artmışdır ki, bununla bağlı ciddi tədbirlər görülməlidir.
Xaçmaz, Qusar və Quba rayonlarında yeni meşələrin salınmasına və şitilliklərin yaradılmasına xeyli diqqət yetirilir. Quba meşələrinin mühafizəsi və bərpası müəssisəsinin direktoru Söhrab Abbasovun məlumatına görə, şitillik üçün ayrılmış təxminən 5 hektar sahədə 16 növ kol və ağacın, o cümlədən palıd, qoz, qovaq, ağcaqayın ağaclarının tingləri becərilir. Artıq 500 min belə ting vardır. Tinglərdən rayon mərkəzlərinin və şəhərlərin yaşıllaşdırılmasında istifadə olunur. Quba meşələrində kökü kəsilməkdə olan nadir ardıc və qaraçöhrə kimi ağac və kollar da vardır. Onlar sabiq SSRİ-də “Qırmızı kitaba” daxil idi. S.Abbasov bildirmişdir ki, onun məlumatına görə, Qubanın mühafizə edilməli təxminən 11 min hektar meşə sahəsi Şahdağ Milli Parkının yaradılması layihəsinə daxil ediləcəkdir.