“Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçiriləcək
Bakı, 23 aprel, AZƏRTAC
İlk dəfə olaraq beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçiriləcək.
Aprelin 23-də saat 17:00-da gerçəkləşəcək görüşdə Azərbaycan Respublikasının Mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, ICESCO-nun baş direktoru, UNESCO və digər qurumların nümayəndələri iştirak edəcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, virtual görüşün məqsədi xüsusilə COVID-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqda ehtimal olunan inamsızlıq və qorxuya qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə Avropa Şurasının dəstəyi ilə Bakıda keçirilmiş Avropa və onun qonşu regionlarının mədəniyyət nazirlərinin konfransında mədəniyyətlərarası dialoqun təşviq olunması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürüb. 2009-cu ildə “Bakı Prosesi” çərçivəsində İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransında ilk dəfə olaraq Avropa ölkələri də iştirak edərək bu təşəbbüsə dəstək nümayiş etdiriblər.
2011-ci ildən etibarən Azərbaycan “Bakı Prosesi” çərçivəsində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə beş dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına və Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə altı dəfə Bakı Beynəlxalq Humanitar forumlarına, eləcə də 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT tərəfindən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.
“Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü Mədəniyyət Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.