Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən yarış zamanı nəqliyyatın hərəkəti ilə bağlı açıqlama
Bakı, 17 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Aprelin 24-də gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Nəqliyyatın hərəkəti mayın 2-də səhər saat 08:00-dan etibarən bərpa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) aprelin 28-dən 30-dək keçiriləcək 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı açıqlamasında bildirilib.
“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerinə Giriş İcazəsi" əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər”, - deyə BŞH-nin sözçüsü Turab Teymurov sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
“Vətəndaşlar "Yaşayış Yerinǝ Giriş İcazə" sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər.
Zona 1 buraxılışın paylanma məntəqəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə, nömrə (012) 497-35-89, zona 2 buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32, nömrə (012) 498 88 06, zona 3 buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 58, İstiqlaliyyət küçəsi 5, (012) 492 41 85)”, - məlumatda bildirilib.
Qeyd edək ki, "Yaşayış Yerinə Giriş İcazəsi"nin paylanması aprelin 10-dan başlayıb və aprelin 28-dək davam edəcək.