Bakı şəhəri üzrə vətəndaşlara 16 milyon 305 min 250 tibbi xidmət göstərilib
Bakı, 21 dekabr, AZƏRTAC
Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 milyon 839 min 882 şəxs 6 milyon 691 min 74 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 16 milyon 305 min 250 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 faizi və göstərilən tibbi xidmətlərin 40 faizi Bakı şəhərinin payına düşüb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.
Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 2 milyon 781 min 823 şəxs 9 milyon 683 min 29 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 23 milyon 971 min 754 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59 faizi və göstərilən tibbi xidmətlərin 60 faizi regionların payına düşür.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara müqaviləli tibb müəssisələrinə göndəriş verilir. 2022-ci ilin yanvar-noyabr aylarında 149 min 179 vətəndaşa 183 min 877 göndəriş verilib. Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 min 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1597-si uşaqlara, 65 min 263-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 21 min 823-nü oftalmoloji əməliyyatlar, 18 min 268-ni ürək-damar əməliyyatları, 17 min 179-nu invaziv radiologiya xidmətləri, 2 min 702-ni urologiya, 2 min 443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1398 olub.