BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları kollektivin adından salamlayaraq, bu görüşü xalqlarımız arasında əbədi dostluğun daha bir təsdiqi kimi qiymətləndirdi və dedi ki, bütün bunlar ölkələrimizin liderlərinin həyata keçirdikləri müdrik siyasətin nəticəsidir.
Rektor başçılıq etdiyi ali məktəbin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verərək bildirdi ki, Ukrayna dili və ədəbiyyatı şöbəsində 30-a yaxın tələbə təhsil alır, Ukrayna Mədəniyyət Mərkəzi nəzdində bazar günü məktəbi fəaliyyət göstərir. Ukraynadakı Heydər Əliyev adına Beynəlxalq Münasibətlər və Sosial Elmlər İnstitutunda isə Azərbaycandan 17 tələbə təhsil alır.
Ukrayna Ali Radasının sədri, tarix elmləri doktoru, Ukrayna EA-nın həqiqi üzvü Vladimir Litvin çıxışında öz ölkəsinin hökumətindən Azərbaycanda Ukrayna gimnaziyasının açılmasını xahiş edəcəyini bildirdi, tələbə mübadiləsinin zəruriliyini vurğuladı.
Parlamentin sədri Ukrayna Mədəniyyət Mərkəzinə ana dilində kitablar və milli musiqi aləti - bandura hədiyyə etdi.
X X X
Sonra Bakı Slavyan Universitetinin konfrans salonunda Ukrayna Ali Radasının sədri Vladimir Litvinin Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə görüşü oldu.
Ukrayna diasporu adından qonaqları Azərbaycandakı Ukrayna icmasının sədri Anatoli Parxomenko salamladı, bildirdi ki, ukraynalılar Azərbaycanda cəmiyyətin tam hüquqlu üzvləri kimi yaşayırlar. O, ukraynalılara və onların ehtiyaclarına diqqətə görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığını bildirdi və dedi ki, bu günlərdə Ukrayna icmasını ofisinin açılışı olacaqdır.
Diasporun nümayəndəsi Yevgeniya Miroşniçenko Ukrayna dilində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş şerlər oxudu.
Ukrayna Ali Radasının sədri Vladimir Litvin Ukrayna icmasına xatirə hədiyyələri, habelə iki kompüter təqdim etdi.
Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın ölkəmizdəki səfiri Boris Aleksenko iştirak edirdilər.